BİZİM FUTBOL: Kim deyir ki, Mahir mahir olmayıb? - VİDEO
Müstəqillik dönəmində sıravilərdən seçilən yerli futbolçuların sayı o qədər də çox olmayıb. Bir nəsildə 5-6, digərində 3-4 "qaymaq” nəzərə çarpıb. Təbii, bu üzdən Azərbaycan yığmasında həmişə ümumi balans problemi olub. Təsadüfi deyil ki, meydana 11 eyni səviyyəli oyunçu çıxartmaq məsələsi bu gün də ən çox müzakirə edilən mövzulardandı.
Futbolumuzun səviyyəsi ciddi nailiyyətlərdən danışmağa imkan vermədiyi üçün futbolçularımızı da öz epizodik uğurlarımız, yerli fanatların ürəkdən sevindiyi parlaq anlar üzərindən dəyərləndirməyə məhkumuq.
Milliyə fayda vermiş, dövrünün istedadlılarından hesab edilmiş futbolçulardan biri də Mahir Şükürovdu.
Əslində sağ cinah müdafiəçisinin (hərdən yarımmüdafiənin cinahında da oynaması təbii haldı) klub karyerası da kifayət qədər zəngindi.
"Gənlərbirliyi” və "Antalyaspor”da qalıb oynamamasını bacarıqsızlığı yox, xarakteri ilə bağlamaq daha uyğun olar. Azərbaycan klublarında maliyyə vəziyyəti normallaşandan sonra vətənə qayıtması isə tam anlaşılandı. Öz ölkəndə oynamaq şansı ola-ola eyni məbləğdə xaricdə top qovmağa dəyərdimi? Orta statistik azərbaycanlı futbolçu məntiqiylə cavablandırsaq, qətiyyən yox! "Karvan”, "İnter”, "Olimpik”, "Xəzər Lənkəran”, "Neftçi”, "Qəbələ”… Hələ 2003/04 mövsümündə "Şəfa”da da tər töküb. Bura 1 mövsümlük "Anji” (2010/11) və "Karşıyaka” (2014/15) səhifələrini də əlavə edək.
Özünəməxsus aldadıcı fəndi, effektli asmaları, normal sürəti olan Mahir sadaladığımız klubların hər birində qala, yalnız futbolu düşünərək daha artığını edə bilərdi. Ancaq ərköyün, həyata bir qədər fərqli nəzərlərlə baxan Şükürov necə deyərlər, özünü yükləmədən, yeni üfiqlərə boylanmadan oynadı…
Hə, Mahir insan və oyunçu kimi hamının bəyəndiyi və güvəndiyi biri olmaya bilər. Bununla belə, veteran müdafiəçi 4 qol vurduğu yığmada nəyə qadir olduğunu göstərmiş sayılır. 2004-14 aralığında 76 dəfə milli formanı geyinmiş arxa xətt oyunçusunun önəmli anlarda səhnəyə çıxmaq məharəti mütləq vurğulanmalıdı.
Haqqında danışdığımız oyunçunun vacib qarşılaşmalarda azərbaycanlı futbolsevərlərin ürəyini qürurla dolduran məhsuldar ötürmələri isə xüsusi sayğıya layiqdi.
Mahirin mahir futbolçu təsiri bağışladığı ən yaddaqalan matçların bir neçəsi haqda danışmağa dəyər.
AÇ-2012-nin seçmə mərhələsini 7 xalla bitirən seçməmiz 10 qol vurdu və yalnız tsikli 4 xalla bitirən Qazaxıstanı qabaqlaya bildi. Hərçənd qıpçaq türklərinə səfərdə 1:2 hesabıyla yenilməyə, heç olmasa, öz meydanında Avstriyadan da xal ala bilərdi… Türkiyəni Bakıda məğlub etdik, güclü Belçika ilə öz meydanımızda bərabərə qaldıq və Qazaxıstandan rəqib meydanında aldığımız yenilginin əvəzini çıxdıq.
Şükürovun 7 xalın qazanlmasına böyük qatqısı oldu. 2011-ci ilin sentyabrında "Tofiq Bəhramov”da penalty vuruşuyla hesabı açan Belçika millisini qələbəni əldən verəcəyinə az adam inanardı. Matçın gedişi də belə düşünməyə əsas verirdi. Lakin 86-cı dəqiqədə ideal asma ilə rauf Əliyevin fərqlənməsinə şərait yaradan Şükürov meydana topu başından etmək üçün çıxmadığını isbatladı və yığma özündən bir neçə dəfə güclü rəqibi dogma azarkeşləri önündə qələbədən etdi:
Həmin tsikldə Qazaxıstanla ev oyunu da müdafiəçi üçün parlaq alındı. Berti Foqtsun yarımmüdafiənin sağ cinahında forma şansı verdiyi oyunçu həm Raufa məhsuldar ötürmə verdi, həm də özü penaltidən fərqləndi:
DÇ-2014-ün seçmə mərhələsində 9 xal toplayan Azərbaycanın 7 qoldan artığına gücü çatmadı. Lakin o tsikldə Şimali İrlandiyanın əzilməsi əlamətdar olay oldu. Rəqib meydanında 1:1 hesablı heç-heçənin ardından Bakıda qazanılan 2:0 hesablı qələbə məğlubiyyətlərdən bezmiş azarkeşləri ovundurdu. Sona yaxın oyunu yüksək səviyyədə keçirən Mahirin cərimə zərbəsindən vurduğu mükəmməl qol isə futbol dərsliklərinə salınacaq qədər effektli alındı:
Şükürovun karyerasının ən parlaq dönəmlərində top qovduğu "Neftçi”də də ön plana çıxdığı matçlar az deyil. Məsələn, tarixi uğurda – 2012-ci ilin yayında komandanın Avroliqanın qrup mərhələsinə yüksəlməsində danılmaz əməyi var. Bakıda Kipr təmsilçisinin qapısına penaltidən yol tapan və cütün taleyini səfər oyununa saxlayan məhz bu futbolçu olmuşdu:
Siyahını uzatmaq, Mahirin özünü sübut etdiyi başqa görüşlərdən də söhbət açmaq olar. Amma elə sizlərə təqdim etdiyimiz 4 görüntü də butslarını mıxdan asmış 38 yaşlı veteranın futbolda iz qoymadan getmədiyini təsdiqləyir.