"Çelsi"nin keçmiş müdafiəçisi, hazırda "Aston Villa"da məşqçi kimi çalışan Con Terri Stiven Hendrinin instaqram efirində qonaq olub.
Fanat.Az xəbər verir ki, Terri karyerası ərzində sadəcə iki klubun ona görə transfer təklifi göndərdiyini bildirib:
"Çelsi"də oynadığım illərdə cəmi iki klub məni transfer etməyə çalışıb. Onlardan biri "Haddersfild" idi. Baş məşqçiləri Stiv Bryus idi. Onda "Çelsi"də ilk illərimi keçirirdim. "Çelsi" təklifi qəbul etsə də, Canluka Vialli məni buraxmaqdan imtina etdi. Təbii ki, ona minnətdaram, çünki mənə debüt şansı tanıdı. Əla insan və əla məşqçi idi.
Digər klub isə "Mançester Siti" idi. "Çelsi"yə rəsmi təklif göndərmişdilər. Klub sahibi ilə görüşümdə demişdim: "Mən heç vaxt "Çelsi"dən ayrılmaq istəmirəm. Məni satmaq istəyirsinizsə, bu, başqa məsələ... Sadəcə, əminliklə deyə bilərəm ki, ayrılmaq istəmirəm". Sonra mənə yeni müqavilə təklif etdilər, razılaşdıq və daha 5-6 il "Çelsi"də oynadım. Dediyim kimi, karyeram ərzində sadəcə bu iki klub məni transfer etməyə çalışıb".
Fanat.Az