"Roma”nın canlı əfsanəsi Françesko Totti karyerasını niyə bitirdiyinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, veteran ulduz ürəyini "Football Italia”ya boşaldıb:
"Axmaq deyiləm, mənim 10 yaşım yoxdu ki... Əla formada olduğum halda, butslarımı birdəfəlik mıxdan asdım. "Roma”da daha 1 il oynaya bilərdim. Ehtiyat oyunçular skamyasından durub oyuna çıxanda tribunalar lərzəyə gəlirdi... Mən paltərdəyişmə otağında da lazım idim. Hələ "Roma” üçün döyüşməkdən doymamışdım. Amma imkan vermədilər. Əvvəl seçimi öz ixtiyarıma buraxdıqlarını dedilər. Sonra məni kənara itələdilər... Çox üzgün idim. Axı bu kluba hər şeyimi verməyə hazır idim.
Belə münasibətdən sonra özümə söz verdim ki, vəziyyət dəyişənə qədər "Roma”nın bazasına ayağım da dəyməyəcək. Verdiyim sözə əməl edirəm. Hər dəfə oğlumu məşqə aparanda qapıdan bayırda gözləyirəm. Hərdən də maşında oturub ağlayıram. Başa düşürəm ki, hətta 30 ildən sonra da bazaya ayağım dəyməyə bilər. Ordakı dostlarım bayıra çıxıb mənimlə görüşürlər. Oğlum tez-tez onun oyununa baxmağımı istəyir. Amma içəri keçə bilmərəm. Mən başqa klubda oynamaqdansa, karyeramı bitirməyi üstün saymış insanam. İçəri girsəm, ürəyim partlayar”.
Qeyd edək ki, karyerasını 2017-ci ildə bitirən "sadiq canavar” 2 il klubun direktoru vəzifəsində çalışsa da, 2019-cu ilin yayında postundan ayrılıb.
Fanat.Az