"Latsio"nun prezidenti Klaudio Lotito İtaliya A Seriyasının qalibini müəyyənləşdirmək üçün "Yuventus"la aralarında çempionluq oyununun keçirilməsinə razıdı.
Fanat.Az xəbər verir ki, Lotito "La Repubblica"ya açıqlamasında mövsümün bərpasının kluba sərf etməyəcəyini vurğulayıb. Həmçinin, o, çempionluq uğrunda mini-turnir keçiriləcəyi təqdirdə, yarışda "Yuventus" və "Latsio" istisna, digər komandaların iştirakının mənasız olduğunu qeyd edib:
"Yuventus"la çempionluq matçı oynamaq təklif olunsa, razılaşardım. Amma heç vaxt ağlımdan belə bir ehtimal keçməyib. Mövsümün bərpası, əslində, "Latsio"ya sərf etmir. Üç cəbhədə mübarizə aparmağın mümkünsüz olduğunu düşündüyümüzdən, seçim etdik. Nəticədə Avropa Liqasını qurban verdik. Çünki bu turnir zamanlama baxımından komandalar üçün heç də uyğun deyil.
Qısası, digər komandalar həftədə iki dəfə oynayanda, biz bir matça çıxacaqdıq. Lakin indiki vəziyyətdə mövsüm bərpa olunsa, biz də daxil, bütün komandalar həftədə iki oyun keçirəcəklər. Yəni üstünlüyümüzü itirəcəyik. Amma bu barədə qərar qəbul edərkən təkcə biz yox, bütün klubların maraqları nəzərə alınmalıdı.
Hazırda biz "Yuventus"dan bir xal geridəyik. Onları çempionatda və Superkubokda məğlub etmişik. İrəlidə hələ oynamalı olduğumuz bir görüş də var. Bizdən müvafiq olaraq 8 və 14 xal geri qalan "İnter" və "Atalanta"ya gəlincə, onların mümkün çempionluq turniri ilə bağlı müzakirələrdə adlarının hallanmasını başa düşə bilmirəm".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol