Qurban Qurbanovun «Qarabağ»da saxlamaq istəmədiyi Branmir Subaşiç özünə yeni klub tapıb. Fanat.az xəbər verir ki, millimizin üzvü karyerasını böyük ehtimalla Türkiyədə davam etdirəcək.
Məlumata görə, Subaşiç PTT 1-ci liqada çıxış edən «Orduspor»la anlaşıb. Onun Ordu təmsilçisi ilə 1 illik müqavilə imzalayacağı deyilir.
Qeyd edək ki, bir neçə gün əvvəl «Orduspor»un prezidenti Nedim Türkmən azərbaycanlı futbolçu alacaqlarını açıqlamışdı. Hətta onun Bakıya gələrək Azərbaycan – Lüksemburq matçını izlədiyi də deyilirdi.
Onu da qeyd edək ki, 2012/13 mövsümünün ilk yarısını «Xəzər Lənkəran»da (16 oyun, 3 qol), ikinci yarısını «Qarabağ»da (7 oyun) keçirən Subariş ölkəmizdə «Neftçi» və «Qəbələ»nin də formasını geyinib. 31 yaşlı serb əsilli futbolçu 2007-ci ildən çağırıldığı millimizdə 40 oyun keçirib və 7 qol vurub.
İdman24.az