"Qarabağ”ın ispan legioneri Miçel mövsümün sonunda iş yerini dəyişməyə yaxındı.
Fanat.Az-ın əldə etdiyi son məlumata görə, Ağdam təmsilçisindən yeni müqavilə təklifi almayan orta xətt oyunçusu ilə 4 xarici klub maraqlanır.
Onlardan biri isə İspaniyanın Sequndasında mübarizə aparan "Sportinq”di. Əsas komandada çıxdığı 138 matçda 7 qol vuran Miçel özü də vətəninə qayıtmaqda maraqlıdı. Tərəflərin ilkin danışıqları müsbət nəticələnib.
Xixon təmsilçisi sözügedən futbolçu üçün doğma klubdu. 18 yaşında "Oviedo"dan "Sportinq”ə keçən yarımmüdafiəçi 2004/2005 mövsümüdə bu klubun B komandasında oynayıb. Ardından əsas heyət üzvünə çevrilən yarımmüdafiəçi 5 il əsas komandanın uğurları üçün tər töküb, 2008-ci ildə isə "qırmızı-ağlar”ın sıralarında La Liqada oynamaq hüququ qazanıb.
Miçelin "Qarabağ"la olan müqaviləsinin müddəti 2021-ci ilin yayında bitir. Ona qarşılıqlı razılıq əsasında azad agent hüququ da verilə bilər.
Fanat.Az