"Nikolas Kanalesin “Neftçi” ilə 1+2 şərti ilə müqaviləsi var. Bu üç illik müqavilə maliyyə baxımından da razılaşdırılmışdı. Azərbaycanda mövsüm ərzində 2-3 qol vuran oyunçunun qiyməti 400-500 min dollardır. Kanales də son mövsüm Avroliqa və kubok oyunlarını da nəzərə alsaq, 30 qol vurub. Azərbaycan futbolunda bu durumu görən Kanales və menecerləri çox təəssüf ki, bizdən astronomik bir məbləğ istəyirlər. Əlbətdə ki, biz Kanalesin istədiyi məbləği verməyəcəyik. Süni şəkildə qiymətləri qaldıranlar bilsinlər ki, bu, heç də Azərbaycan futbolunun inkişafına xidmət etmir. Kanales kimi futbolçular digər oyunşuların qiymətini görəndə təbiidir ki, belə yüksək məbləğ istəyəcək. “Neftçi” xalqın komandasıdır. Dövlətin pullarını hara gəldi xərcləmək olmaz. Hər bir futbolçunun real qiymətini bilirik. Təbii ki, bu şəkildə olan məsələlərə “Neftçi” heç vaxt qol qoymaz. Öz şərtlərimizi irəli sürmüşük. Sona qədər də Kanales məsələsində fikrimizi dəyişməyəcəyik".
Qol.Az saytına açıqlamısında bu sözləri "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi müqaviləsi bitən digə futbolçular haqda da danışıb: "Erik Ramosun da vəziyyəti buna oxşar durumdadır. Ramos da çox aşağı məbləğdə bu mövsüm “Neftçi”nin heyətində oynadı. Ancaq Azərbaycan futbolunda şişirdilmiş qiymətləri gördükdə təbii ki, menecerləri və klubu başqa mövqe tutur. Vobayın müqaviləsi bitib. O, sərbəst futbolçudur. Digər futbolçularla danışıqarımız gedir. Azarkeşlərə demək istəyirəm ki, arxayın olsunlar. “Neftçi” hər zaman kollektiv oyun hesabına uğur qazanıb və hər hansı bir futolçudan asılı deyil.
İdman24.az