Almaniya Futbol İttifaqı Bundesliqanın 29-cu turu ilə bağlı yoxlamaların nəticələrini açıqlayıb.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, matçlar zamanı Corc Floydun ölümü ilə bağlı jestlər edən futbolçular cəzalandırılmayıb. Almaniya Futbol İttifaqının açıqlamasında futbolçuların hərəkətləri irqçiliklə mübarizə və həmrəyliyin ifadəsi kimi qiymətləndirilib.
29-cu turda Dortmund "Borussiya"sının futbolçuları - Əşrəf Hakimi və Ceydon Sanço qol vurduqdan sonra formalarını qaldırmış və "Corc Floyda ədalət" yazısını nümayiş etdirmişdilər. "Şalke"nin yarımmüdafiəçisi Ueston Makkenni xüsusi qol sarğısı ilə meydana çıxmış, Mönhenqladbah "Borussiya"sının hücumçusu Markus Türam isə diz çökmüşdü.
Ötən həftənin bazar ertəsi ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis məmuru Corc Floydu yaxaladıqdan sonra dizini onun boynuna dayamışdı. Təxminən 8 dəqiqə bu vəziyyətdə qalan Floyd dünyasını dəyişmişdi. 46 yaşlı mərhum son anlarında "Mən nəfəs ala bilmirəm" cümləsini işlətmişdi. Artıq ABŞ-ın 20-dən çox ştatında hadisə ilə bağlı etirazlar başlayıb.
Bu, Amerikada son illərdə qaradərililərin polis tərəfindən öldürülməsinə dair ilk belə hal deyil.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol