Elxan Məmmədovun illər əvvəl yaratdığı, adını və idarəçilərini tez-tez dəyişdiyi «Agrosport» stadionlar və qolf meydançalarının tikintisi, futbol meydanlarının yenidən qurulması, ictimai yerlər və şəhərətrafı ərazilərdə dizayn işləri yerinə yetirilməsi, o cümlədən, eksklüziv landşaft dizaynının işlənib hazırlanması, rulonlu qazon və əkin materiallarının istehsalı və satışı üzrə ixtisaslaşıb.
İlk 2 araşdırmanın linki burada
«Agrosport» idman infrastrukturu sahəsində, o cümlədən, futbol meydançalarının ot örtüyünün (təbii ot örtüyü) salınması və texniki qulluğun göstərilməsi üzrə geniş xidmətlər spektrini təklif edir.
Şirkət meydançalar, stadionlar və futbol strukturunun klublar, cəmiyyətlə və federasiyalar kimi obyektlərinə tam nəzarəti öz öhdəsinə götürür. Əvəzində vəd verir ki, idarəetmənin keyfiyyətinin yaxşılaşdırılmasına və mümkün gəlirlərin əldə edilməsinə köməklik göstərəcək.
«Agrosport»un rəsmi saytı bu və bunun kimi çoxsaylı vədlərlə doludur. «Gəl-gəl» deyən fotoların yaratdığı təəssüraft budur ki, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi yaratdığı şirkəti perspektvli hesab edir və biznesini daha da böyütmək arzusundadır. Onun sözü olmasın - niyə də yox?
Hər halda AFFA Elxan Məmmədovun əlinin altındsadır. Özünə necə sərf edirsə, nə sərf edirsə, o cür də edir. Külli ixtiyar sahibidir, üstündə nəzarətçi yoxdur. O da mövcud imkanlardan, ona yaradılan şəraitdən maksimum yararlanaraq, şəxsi gəlir mənbələrini genişləndirir.
Şirkətin səhifəsi ilə ötəri tanışlıq kifayətdir ki, «Agrosport»un əhağə dairəsini müəyyənləşdirək. AFFA-ya bağlı klubların baza və yerləşdiyi stadionlar adıçəkilən biznes qurumunun nəzarətindədir.
Bura «Neftçi»nin tabeçiliyinə verilən «Bakcell Arena», o cümlədən, keçmiş adı İsmət Qayıbov olan baza, milli komandaların Mərdəkanda yerləşən təlim-məşq bazası, «Dalğa Arena», «Kapital Arena» və yardımçı meydançaları, Zirə stadionu, Bakı Olimpiya Stadionu, Gəncə şəhər stadionu, «ASCO Arena» və başqaları daxildir.
Biz hələ Tovuz və Şamaxıdakı arenalardan, onlarla bağlı planlardan heç nə danışmırıq...
«Agrosport»un işçi heyəti sözügedən idman qurğularına gündəlik nəzarəti edir. Aylıq ödəniş isə 8000-12000 manat arasında dəyişir. Bu da asılıdır həmin məkanın ərazisindən - orada neçə meydançanın olmasından.
Yəni, aylıq qiyməti qazonların sayı müəyyənləşdirir. Bir sözlə, E.Məmmədov SOCAR-dan maliyyələşən klublara ayrılan vəsaitdən hər ay bu qədər pul çıxır. El diliylə desək, pulu sağ cibindən götürüb, sol cibinə qoyur. Bu da olur onun asan biznesi.
Belə işləməyə və qazanmağa nə var? İxtiyar səndə, idarəçilik səndə, nəzarət səndə - AFFA-nın icraçı vitse-prezidenti «Agrosport»u niyə öz əlində saxlamasın və daha çox gəlir əldə etmək barədə düşünməsin ki?
«Səbail»in mənzilləndiyi «ASCO Arena» hələ «Bayıl Arena» adlanan vaxt, hələ 2,5 il öncə qazonu dəyişdirildi. Buradan çıxarılan süni ot örtüyü Sumqayıta – «Kapital Arena»ya daşındı.
«Sumqayıt»ın nəzdində hazırda 5 meydança var – İkisi təbii, üçü süni. Bu meydançaların ikisi – standartlara uyğundur. Biri təbii, biri də süni. Yardımçı məşq meydançalarına Bayıldan gətirilən qazon quraşdırılıb.
Aidiyyatlı qurumlar bunu araşdırsa yaxşı olar - həmin köhnə qazonlar yenisi kimi qeydiyyata alınıb, ya necə. Buradan bilmək olar ki, Elxan Məmmədov istifadə müddəti bitmiş qazonları Bayıldan Sumqayıta daşıtdırmağın müqabilində «Sumqayıt»ın hesabından pul «çəkib», ya yox.
Və «çəkibsə», nə qədər. Hər halda belə meydançalar ucuz başa gəlmir. Ölçüsündən və keyfiyyət sertifikatından asılı olaraq, qiyməti 150-400 min avro arasında dəyişir.
Bu, təhqiqat və audit üçün yerində mövzudur. Sonra da Ata Abdullayev və başqaları çıxıb sual verir ki, Elxan Məmmədov oğlunu xaricdə, ən bahalı universitetlərin birində oxutmaq üçün illik 300-350 min dolları hardan tapır?..
Mənbə: sportinfo.az