Ermənistanın yunan-Roma güləşi üzrə yığmasının sabiq üzvü Roman Amoyan Yerevanda saxlanılıb.
Fanat.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, 37 yaşlı idmançı ölkə parlamentinin önündə Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanın deputat mandatından məhrum edilməsinə etiraz əlaməti olaraq keçirilən mitinqə qatılıb və təhlükəsizlik qüvvələrinə tabe olmadığı üçün saxlanılaraq polis bölməsinə aparılıb.
Hüquq-mühafizə orqanları Amoyanın ölkənin tanınmış güləşçilərindən olduğunu öyrəndikdən sonra sərbəst buraxıblar.
Qeyd edək ki, Amoyan Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı, dünya çempionatlarının medalçısı və 2 qat Avropa çempionu olub. O, karyerası ərzində Azərbaycan təmsilçiləri ilə bir neçə dəfə üz-üzə gəlib. Ermənistan təmsilçisi Pekin olimpiadasının yarımfinalında Rövşən Bayramova və Bakı-2015 I Avropa Oyunlarında bürünc medal uğrunda görüşdə Elman Muxtarova uduzub.
Fanat.Az