AFFA-da vəzifə tutandan sonra danışıq qabiliyyətini itirən (işsiz mütəxəssis olanda bülbül kimi cəhcəh vurur, mətbuat səhifələrində futbola aid bütüm məsələlərlə bağlı öz mövqeyini ortaya qoyurdu) Vaqif Sadıqovun mətbuata verdiyi açıqlamayabənzər bağlamadan sonra Premyer Liqanın dayandırılması gözlənilən idi. Elşad Nəsirov, Rauf Əliyev və Elxan Məmmədov kimi futbol mühitini AFFA-da işləyəndən sonra görənlər dura-dura Sadıqovun irəli verilməsi təbii ki, təsadüf deyildi. Hər şey belə planlaşdırılmışdı. Tənqid atəşinin altına atılan adamın cəsarət nümayiş etdirdiyini düşünməyin. Nə əzbərlətmişdilərsə, onu da söyləmiş, məşhur deyimi yada salsaq, "sür dərəyə” prinsipinə uyğun davranmışdı.
Şübhəsiz, səbəb kimi göstərilən zaman darlığı, məşq vaxtının azlığı, həftəsonları tətbiq edilən karantin rejimi uğursuz bəhanə status daşıyır. Futbolun taleyini düşünməyən, Azərbaycan çempionatını "qoz-qoz” oyununa döndərənlərin ali məqsədi özünü üzüyola uşaq kimi göstərmək, "yuxarılar”ın yanında divident qazanmaq idi. Bu qədər sadə…
Ölkə birinciliyinin qalan bölümünün ləğv edilməsinin hər hansı müsbət tərəflərindən danışmaq çox çətindi. Düzdü, formaya düşməyən oyunçuların zədələnmək ehtimalı var. Ancaq bütün komandaların eyni şərtlər altında məşq etdiyini, eyni aqibəti yaşadığını nəzərə alsaq, mövcud durum dəhşətli mənzərə sayılmırdı. Tutaq ki, "Bakı birinciliyi”ndə çıxış edən 8 iştirakçıdan yalnız biri - "Qəbələ” paytaxtdan 50 kilometrdən daha uzaq məsafədə olduğu üçün 4-5 gün daha artıq çalışmaq imkanına malik idi. Fəqət bu məqamı da əldə bayraq etmək absurddu. Yəni ədalətin pozulmasından dəm vurmaq, əvvəlki vaxtlarının kölgəsini xatırladan, iddiası qalmayan "qırmızı-qaralar”ın məşq edə bilməsini tarazlığın pozulması adlandırmaq gülməlidi. Yoluxma riskinin qabardılmasına gəlincə, azarkeşsiz keçirilən rəsmi oyunla yoxlama görüşlərindəki risk faizi eynidi.
Əlqərəz, qorxaqcasına verilən qərardan qazanan son turlarda Avropa Liqasına yollanmaq şansını itirə biləcək iştirakçılar - "Keşlə” və "Sumqayıt” oldu. Hələ uzun müddət öncə aparılan müzakirələr zamanı mövsümün qalan turlarının keçirilməməsinə qarşı çıxan Riad Rəfiyevin başqanı olduğu "kimyaçılar” və AFFA-nın digər "övladı” - sabiq "bankirlər”in varisi!
Əslində Elxan Məmmədovun adamının diqtəyə uyğun idarə etdiyi "Sumqayıt”ın debütünə müəyyən mənada sevinmək də olar. Ən azı futbolun pərdəarxası oyunlarıyla maraqlanmayan azarkeşlərin xatirinə… Ancaq AL-də ilk dəfə Azərbaycanı təmsil edəcək debütantın xüsusi qəhrəmanlıq göstərməyəcəyini proqnozlaşdırmaq asandı. Elə Zaur Axundov dönəmində artıq bir dəfə özünü biabır etməyə imkan tapan "Keşlə” barədə də nikbin fikirlər səsləndirməyə əsas yoxdu.
Darıxmayın, yaxın zamanda mövzuya qayıdacağıq.
Fanat.Az