"Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu oyunla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Apoloniya" ilə yoxlama matçından (1:0) sonra açıqlama verən alban mütəxəssis bunları deyib:
"İndiki məqamda komandanın vəziyyətini görmək üçün belə bir yoxlama oyununun keçirilməsi vacib idi. Bu, ilk görüşümüz idi. Ona görə də tələsik nəticə çıxarmaq olmaz. Hər şeyin öz vaxtı var. Amma açığı, futbolçulardan daha artığını gözləyirdim. Bakıdakı qarşılaşma bizim üçün çox vacib matç olacaq. Təsnifat mərhələsinin qarşılaşmalarını yaxşı bilirəm. Çünki bir neçə dəfə bu yarışın içində olmuşuq və uğur qazanmışıq. Mərhələ adlamağın klubun imici və gəliri baxımından nə demək olduğunun fərqindəyəm. Buna görə də "Keşlə" ilə oyuna maksimum diqqət ayıracağıq".
Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.
Fanat.Az