Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq və ilk finalçı müəyyənləşəcək.
İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş İspaniyanın "Sevilya" klubu finala vəsiqə uğrunda İngiltərə təmsilçisi "Mançester Yunayted"lə qarşılaşacaq. Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək. Matçı yerli FIFA referisi Feliks Brix idarə edəcək.
Vacib oyun öncəsi hər iki komandada itkilər var. "Sevilya"da Sebastyan Korşya zədə səbəbindən, Nemanya Qudel isə koronavirusa yoluxduğu üçün matçı buraxacaqlar. "Qırmızı şeytanlar"ın heyətində isə Fil Cons, Lyuk Şou və Aksel Tuanzebe oynamayacaqlar.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında olacaq.
Avropa Liqası
Yarımfinal
16 avqust
23.00 Sevilya (İspaniya) - Mançester Yunayted (İngiltərə)
Baş hakim: Feliks Brix.
Köln. "Reyn Energi" stadionu.
Fanat.Az