“Kuban”dan ayrılan Abdulvahid Afolabi axtardığımız hücum xəttinə namizədlərdən biridir. Rusiyadan yalnız həmin hücumçunu istəyirik”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Son mövsümü “Kuban”da keçirən, ancaq cəmi 2 oyuna çıxmaq imkanı qazanan Abdulvahid Afolabi “Qəbələ”nin maraq dairəsindədir. Yeni baş məşqçi Yuri Syominin meneceri olan Dmitri Selyuk Rusiya mətbuatına açıqlamasında müştərisinin nigeriyalı hücumçunu istədiyini söyləyib.
Ancaq Nəcəfovun sözlərinə görə, başqa namizədlərə də baxılır: “Bizə hücumçu, oyun qurucusu və mərkəz müdafiəçisi lazımdır. Müdafiəçi tapmasaq belə, keçinmək olar. Ancaq ağrılı yerimiz olan pleymeyker və forvardı mütləq tapmalıyıq. Ötən mövsümü Rusiya, Ukrayna və başqa ölkələrdə keçirmiş hücumçulara nəzər salırıq. Hansı məqsədəuyğun hesab edilsə, onun transferini həyata keçirməyə çalışacağıq”.
Komandanın müqaviləsini yenilədiyi seneqallı hücumçu Viktor Mendini isə sabiq klubu “Bucaspor”un istədiyi, hətta buna görə təklif göndərildiyi bildirilir. Bu məsələnin də nə dərəcədə həqiqətəuyğun olub-olmadığını “Qəbələ”nin vitse-prezidenti vasitəsilə aydınlaşdıra bildik: “Bizim kluba “Bucaspor”dan heç bir təklif daxil olmayıb. Ancaq mən çıxan söz-söhbəti yaxşı başa düşürəm. Çünki Mendi elə futbolçudur ki, heç vaxt məsuliyyətsizlik etməyib. Mən hələ onda işinə biganəlik görməmişəm. Ona görə də “Bucaspor”dan ona olan marağı tam təbii qarşılayıram”.