"Barselona”nın superulduzu Lionel Messinin komandadan ayrılacağı haqda yeni informasiya yayılıb.
Fanat.Az "Marca”ya (Marka) istinadən xəbər verir ki, kapitan Kataloniya klubunu tərk etməklə bağlı qəti qərar verib.
Messinin kluba bununla bağlı faks göndərdiyi bildirilib. Qeyd olunub ki, 33 yaşlı futbolçu hər mövsümün sonunda müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququndan istifadə etmək istəyir. Messinin komandanın yeni mövsüm üçün hazırlıqlarında iştirak etməyəcəyini də kluba bildirdiyi iddia edilir.
"Football Espana” isə yazır ki, "Barselona” Messinin komandadan getmək istədiyini təsdiqləyib. Lakin Kataloniya klubu komandanın liderini bu fikrindən daşındırmaq üçün bütün imkanlardan istifadə edəcəyi bildirilib.
Artıq "Barselona” rəhbərliyi Messinin komandada saxlanılması üçün təcili iclas çağırıb. Klub prezidenti Xosep Bartomeunun isə Messinin müqaviləsini ləğv etməsinə qanuni şəkildə mane olmaq istədiyi bildirilib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan və 2004-cü ildən əsas komandada çıxış edən Messi ilə PSJ, "Mançester Siti” və "İnter” maraqlanır.
Fanat.Az