Xəbər verdiyimiz kimi, “Bakı”nı növbəti mövsümdən böyük ehtimalla serbiyalı mütəxəssis Milinko Pantiç çalışdıracaq. Azerisport.az xəbər verir ki, artıq İspaniya mətbuatı onu Azərbaycan təmsilçisinin yeni çalışdırıcısı kimi təqdim edir:
“Milinko Pantiç “Atletico B” komandası ilə möhtəşəm mövsümdən sonra kifayət qədər istirahət edib. Serbiyalı mütəxəssisə “Las-Palmas”, “Alcacron” və “Almeria” kimi klublardan təkliflər var idi. Amma bu variantlar heç biri özünü doğrultmadı. “Murcia” da bu mütəxəssisə görə iddialı idi. Ən son olaraq AEK və “Valladolid” Pantiçlə maraqlanırdı.
Nəhayət, Milinko öz seçimini edib. Özü də adıçəkilən klubların heç birinin yox - “Atletico”nun tərəfdaşı “Bakı”nın xeyrinə. Ötən həftəni Pantiç Azərbaycan paytaxtında keçirib, bu klubun infrastrukturu, layihəsi ilə tanış olub. Bakıda ona əsas komandanı çalışdırmaq, eləcə də klubun idman strategiyasının müəyyənləşdirilməsində kömək göstərmək təklif edilib.
Bütün bunlarla yanaşı “Atletico”nun idman direktoru Hil Marin “Bakı”ya onu da təklif edib ki, Pantiç Azərbaycan və İspaniya klubları arasındakı əməkdaşlığı daha da genişləndirməklə məşğul olsun.
Serbiyalı mütəxəssislə bir illik müqavilə imzalanması nəzərdə tutulub. Yaxın günlərdə “zolaqlılar” onunla rəsmi anlaşmaya imza atacaqlar və ictimaiyyətə təqdim edəcəklər. Pantiçin məşqçi korpusu da İspaniyadan olacaq. Gənc mütəxəssis “Bakı”da “Atletico” modelini tətbiq etməyə çalışacaq”.
İdman24.az