22:59 05.09.2020 2814

Gələcəyini düşün, De Byazi əmi...

Can, ay de Byazi əmi...
 
Nələr hiss etdiyini təsəvvür edirəm. Ancaq üzülmə. Biz səni qınamırıq. Çünki heç bir suçun yoxdu. Zamanla sən də alışasan. Biz öyrənmiş canıq. 

Bəlkə də nə xəyallar, ümidlərlə gəlmişdin Azərbaycana. Bir çoxları, hələ də qəlbində milli ruh, milli komanda eşqi olan məsum azarkeşlər də sənin gəlişinə sevinib, ümidlənmişdilər. Aylardı futbolsuz keçən karantin günlərində azarkeşlər üçün gəlişin motivasiya olmuşdu. "De Byazi gələcək, məğlubiyyətlər bitəcək" düşüncəsi onların qəlbinə ümid toxumları səpmişdi.

Ancaq neynək ki, meydanda oynayan sən deyilsən. Neynək ki, bizim olanımız budu. Bəlkə də indi şok keçirirsən. "A kişi, bu nədi, bunlar kimdi, bunlardı mənə millidə oynatmaq üçün verilən futbolçular?" kimi bir çox dəli suallar var ağlında. Bəli, nə yazıq ki, bizim əlimizdə olan futbolçular bunlardı. Və bizdə həmişə belə olub. 

Milli üçün yeni adlar, yeni oyunçular axtarmaq üçün də boş yerə özünü yorub çempionat oyunlarına filan getmə. Sən canın, onsuz da koronavirus var, otur sənə ayrılan lüks evində, istirahətini et. Birincisi, guya kimi tapacaqsan ki, hamısı eyni gündədi, ikincisi də "Evrika" etsən də, onsuz da icazə verən deyillər. Aaa, doğrudan e, indi yadıma düşdü, sənin xəbərin yoxdu axı. Demək, bizdə milliyə oyunçuları sən və sənin sələfin olmuş, hətta 1-2 il sonra xələfin olacaq adamlar seçə bilməz. Bizim qaydalara əsasən, milli komandaya oyunçuları baş məşqçi yox, futbol "başyeyənləri", oyyy, pardon, "başbilənləri" seçir. Sənə düşən də AFFA-dan zəng gələndən-gələnə milliyə yığılmış futbolçuları oyana-buyana qaçırıb, qurumun rəsmi saytı üçün kameraya poz verməkdi. Yəni, məblubiyyəti çox da kafana takma. 

Sadəcə bir məqamı qeyd edəcəm, bəlkə də ada görə biraz ruhdan düşəcəksən, amma yaxşı gələcək üçün əlinə çox gözəl fürsət düşüb. Adı, karyeranı burax, lüks həyatı düşün. Bu vaxta kimi bir çox dünya şöhrətli mütəxəssislər millimizdə çalışıb. Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki və s. kimi adlar Azərbaycana uğur qazanmış məşqçi kimi gəlib, ancaq biabırçı nəticələrlə xarizması çizilmiş halda gediblər. Amma bu səni qorxutmasın. Çünki bizim futbolda nəticə yox, pul böyük rol oynadığına görə, o qazanacağın pulların qarşılığında xarizmanın çizilməsi çox da gözünə görsənməyəcək. Çünki yuxarıda sadaladığım kimiləri də belə düşünərək küplərini doldurub oliqarx kimi getdilər. Yəni, biraz bizim futbol mentalitetinə alışmağa çalış. Fikrini daha çox qazanacağın pullara yönəlt. Onsuz da pandemiyaya görə böhrandı, sabah vəziyyət necə olacaq bilinmir. Öncəliyin qazancın olsun, nəticəyə çox da beynini yorma. Demirəm qələbəni düşünmə, düşün, onu da düşün, amma öz çıxarın üçün düşün. Çünki nə qədər çox qələbə olarsa, o qədər uzun müddət Azərbaycanda çalışa bilərsən və ən əsası qələbədən-qələbəyə qəşəng "premiya"lar olur. 

Röya Kərimli 

Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X