"Sabah”ın futbolçuları Xulio Rodriges və Kevin Kubemba üçün Azərbaycan Premyr Liqasının 3-cü turunda "Zirə" ilə oyun (2:0) əlamətdar olub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, sözügedən görüşdə fərqlənən oyunçular "Sabah”ın heyətində rəsmi görüşlərdə ilk qollarını vurublar. Onlar komandada qol hesabını açmaları barədə danışıblar.
K.Kubemba ilk qolunu vuraraq komandanın qalib gəlməsində rol oynadığına görə xoşbəxt olduğunu deyib: "Meydana çıxanda fərqlənmək üçün şansım olacağını bilirdim. Tanrıya şükür, bu fürsətdən yararlana bildim”.
Xulio Rodriges isə vurduğu qolla bağlı bildirib: "Sabah”da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm. Ancaq məni bundan da çox sevindirəm məqam komandamın qələbəsinə töhfə verməyim oldu”.
Xulio oyuna start heyətində başlayıb sona kimi meydanda olub. Kevin isə görüşün 87-ci dəqiqəsində əvəzetmədən oyuna çıxıb.
Qeyd edək ki, bu günə kimi "Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 21 futbolçu qol vurmağa nail olub. Komandanın heyətində yüksək liqada ən çox qol vurmuş futbolçu Marko Deviçdir (9 qol).
Fanat.Az