Türkiyə çempionu "Başakşəhər"lə yollarını ayıran Robinyonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, vətəninə dönən braziliyalı futbolçu "Santos"la müqavilə bağlayıb. Anlaşmaya əsasən 36 yaşlı hücumçu 5 ay klubun formasını geyinəcək. 2021-ci ilin fevralınadək davam edəcək sözləşmə müddətində braziliyalı forvard ayda 1500 Braziliya realı (271 ABŞ dolları) maaş alacaq.
Robinyo "Santos"un yetirməsidi və komandanın heyətində dördüncü dəfə çıxış edəcək. 1996-2002-ci illərdə San-Paulu təmsilçisinin akademiyasında futbolun sirrlərini öyrənən hücumçu 2002-ci ildə əsas komandaya yüksəlib və 3 il sonra 21 milyon avroya "Real"a transfer olunub. "Kral Klubu" 2008-ci ildə onu 43 milyon avroya "Mançester Siti"yə satıb. İngiltərə klubu 2010-cu ildə Robinyonu "Santos"a icarəyə verib. Ardınca isə 21 milyon avro qarşılığında "Milan"a satıb. İtaliya klubu da 2014-15 mövsümündə onu "Santos"a icarəyə verib.
Robinyo sonrakı illərdə Çinin "Quançjou Everqrand", Braziliyanın "Atletiko Mineyro" və Türkiyənin "Sivasspor" klublarında forma geyinib, 2019-ci ildə "Başakşəhər"ə keçib. Braziliya millisində 100 oyun keçirən 36 yaşlı futbolçu 28 qol vurub.