"Xəzər Lənkəran" Aykut Kocamana təklif göndərib. Fanat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, "Fənərbaxça"nın prezidenti Aziz Yıldırımın yaxın dostu və ortağı Mübariz Mənsimovun komandası Con Toşakın istefasından sonra Kocamanı başq məşqçi postuna gətirmək istəyib. Lakin "Fənərbaxça"nın sabiq çalışdırıcısı ölkəmizə gəlməkdən imtina edib. Gələn mövsümədək kulb çalışdırmaq istəmədiyini deyən Kocamana Mənsimov illik 4 milyon avro təklif edib. Bundan sonra isə Mustafa Dənizli iş başına gətirilib.
Xəbərdə həmçinin Oğuz Çətinin də hazırda Dənizli ilə birlikdə çalışdığı, Rasim Karanın əvvəllər ölkəmizdə işlədiyi qeyd olunub. Eyni zamanda Kocamanın bu günlərdə Qazaxıstan yığmasından təklif aldığı da bildirilib.
Qeyd edək ki, Kocaman futbolçu karyerası ərzində "Sakaryaspor", "Fənərbaxça" və "İstanbulspor"da çıxış edib. Məşqçilik karyerasına 2000-ci ildə başlayan 48 yaşlı mütəxəssis "İstanbulspor", "Malatyaspor", "Konyaspor", "Ankaraspor"u çalışdırdıqdan sonra "Fənərbaxça"ya üz tutub. 2009-cu ildə futbol direktoru təyin olunan Kocaman bir il sonra baş məşqçi postuna keçib və 2013-ədək komandaya rəhbərlik edib. O, "Fənərbaxça"nı Avropa Liqasının yarımfinalına çıxarıb (2012/13), Türkiyə çempionu (2010/11) və ölkə kubokunun qalibi (2011/12, 2012/13) edib.
Fanat.az