"Rəvan" baş məşqçi dəyişikliyinə hazırlaşır. Fanat.az xəbər verir ki, Bakı klubu baş məşqçi postuna Güvenç Kurtarı gətirir.
Bu barədə Doğan Xəbər Agentliyinə mütəxəssis özü məlumat verib. Kurtar bildirib ki, "Rəvan"la prinsipial anlaşma əldə ediblər və bazar ertəsi rəsmi müqavilə imzalanacaq: "Azərbaycanın "Rəvan" klubu ilə danışıqlar zamanı prinsipial anlaşma əldə etdik. Sabah Azərbaycana gedirəm və son danışıqlarımız olacaq. Anlaşma əldə olunacağı halda bazar ertəsi müqavilə imzalayacağıq".
Mütəxəssis daha sonra zarafatla "Xəzər Lənkəran"ı çalışdıran Mustafa Dənizliyə rəqib olmağa gedirəm" deyib.
Qeyd edək ki, hazırda "Rəvan"a Şahin Diniyev başçılıq edir. O, 10-cu turda Vladislav Qədirovu əvəzləyib. Qədirov isə 3-cü turda Ramil Əliyevin yerinə keçmişdi.
Diniyevin yerinə keçəcəyini deyən Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. 63 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Eskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib.
Fanat.az