Beynəlxalq Cüdo Federasiyası (:JF) hər il 28 oktyabrı "Dünya Cüdo Günü” kimi qeyd edir.
Fanat.Az xəbər verir ki, məhz cüdonun banisi Ciqoro Kano (Jigoro Kano) bu gündə anadan olduğu üçün həmin tarix cüdo günü kimi qeyd olunur.
Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən Beynəlxalq Cüdo Federasiyasına 195 milli federasiya daxildir.
Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Yay Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. 2016-cı ildə ilk dəfə iki cüdoçu - Rüstəm Orucov və Elmar Qasımov Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb.
İlk dəfə olaraq 2018-ci ildə ölkəmiz cüdo üzrə dünya çempionatını qəbul edib və yüksək səviyyədə keçirib.
Azərbaycan cüdoçuları dünya çempionatları da daxil olmaqla bir çox beynəlxalq yarışda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında da qələbələr qazanıblar. Hazırda da cüdo üzrə milli komandanın üzvləri beynəlxalq yarışlarda uğurlar qazanırlar. Son illərdə cüdoçular Yay Olimpiya Oyunları, Avropa çempionatları, "Böyük Dəbilqə", "World Masters" və Qran-prilərdə də medallara sahib olublar.
Fanat.Az