Rusiya Federasiyası Qəhrəmanı - pilot Məhəmməd Tolboyev dövlət dumasının deputatı Hacımurad Omarovun UFC çempionu Həbib Nurməhəmmədova qəhrəman adı verilməsini istəməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Tolboyev "qazeta.ru"ya belə danışıb:
"Qəhrəmanlıq müxtəlif cür olur. Həbib minlərlə yeniyetməyə, gəncə inam bəxş edib. Pandemiyanın cəmiyyəti sıxıntılara qərq etdiyi vaxtda bu, çox önəmlidir. Digər tərəfdən, qanundakı şərtləri də nəzərə almalıyıq. Orda hər şey dəqiq yazılıb. Nurməhəmmədov danışıq aparır, döyüşlərə görə yaxşı mükafatlar alır, böyük pullar qazanır. Amma Rusiyanın adından döyüşdüyünü də unutmaq olmaz. Ölkənin adını yüksəklərə qaldırır".
Qeyd edək ki, Omarov bir müddət öncə Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Nurməhəmmədova Rusiya Federasiyası Qəhrəmanı adının verilməsini istəmişdi.
Xatırladaq ki, oktyabrın 24-də Əbu-Dabidə Castin Qetjini yenərək titulunu 3-cü dəfə qoruyan Həbib Nurməhəmmədov həmin görüşün ardından karyerasını bitirdiyini açıqlayıb. 32 yaşlı dağıstanlı MMA çərçivəsində çıxdığı 29 döyüşün hamısında qələbə qazanıb.
Fanat.Az