Kevin De Bröyne klubu "Mançester Siti" ilə müqavilə yeniləmək üçün şəxsən danışıq apardığını deyib.
Fanat.Az xəbər verir ki, belçikalının söylədiklərini "VTM Nieuws" belə çatdırıb:
"Yaxşı klubdayam, özümü xoşbəxt sayıram. Əla rəhbərlik və heyət var. Hazırda rəhbərliklə yeni müqavilə barədə şəxsən danışıq aparıram, amma sona çatmasına hələ çox var. Niyə vasitəçiyə ehtiyac duymuram? Səbəb sadədir: "Mançester Siti"də qalmaq istəyirəm. Yalnız getməyə qərar verəcəyim halda, bizə vasitəçi lazım olacaq. Hərçənd məqsədim qalmaqdı".
29 yaşlı De Bröynenin "şəhərlilər"lə olan hazırkı müqaviləsinin müddəti 2023-cü ilin iyuluna qədərdir. Yarımmüdafiəçi 2019/20 mövsümündə İngiltərə çempionatında 20 qol ötürməsi verərək "Arsenal"ın sabiq ulduzu Tyerri Anrinin rekordunu təkrarlayıb. Cari "futbol ili"ndə 10 görüşə çıxan Kevin 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az