Braziliya millisinin sabiq hücumçusu Ronaldo noyabrın 25-də ürəktutmasından dünyasını dəyişən Dieqo Maradonadan danışıb.
Fanat.Az xəbər verir ki, "Mirror" superveteranın əfsanəvi Maradona haqda söylədiklərini belə çatdırıb:
"Dieqo futbolda mükəmməl irs qoyub. Onun yoxluğunu qəbul etmək çox çətindir. Bu xəbər məni çox üzdü. Maradonanın ailəsinə sevgimi və dəstəyimi çatdırıram. O, çox insanların həyatını dəyişib. Hər zaman Dieqoya bu dünyada yaşadığı üçün minnətdar olacam...
Yekədiş ləqəbli braziliyalı 60 yaşında həyatla vidalaşan "10 nömrə" barədə xatirə də bölüşüb:
"Bir dəfə Maradona Madridə - mənimlə görüşməyə gəlmişdi. Bir yerdə şam etdik. Dieqonun qolunda iki saat var idi. Niyə iki saat taxdığını soruşdum. Dedi ki, qızının hədiyyəsidir və onları heç vaxt çıxartmır. Şam yeməyindən sonra birini mənə verdi. Hədiyyəni götürmək istəmirdim. Ancaq hirsləndiyi üçün başqa variantım qalmadı. O saatı ömrümün sonuna qədər saxlayacam. Dieqonun səxavətinin və dostluğumuzun xatirəsidir".
Fanat.Az