"Barselona"nın 2018-ci ildə "Liverpul"dan 145 milyon avroya (bonuslarla birlikdə) transfer etdi yi Filip Kountinyo Kataloniya klubuna zərər vurmaqda davam edir.
Ötən mövsüm "Bavariya"ya icarəyə verilən braziliyalı futbolçu Çempionlar Liqasının 1/4 finalda "Barselona"ya 8:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurmuş və bir məhsuldar ötürmə etmişdi. Münhen klubu Çempionlar Liqasını qadandığı üçün müqaviləyə əsasən Kataloniya təmsilçisi "Liverpul"a 5 milyon avro bonus ödəmişdi.
Bu mövsümün əvvəlində "Barselona"ya qayıdan Kountinyo 13 oyunda meydana çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Braziliyalı daha 9 matça çıxaraq oyun sayını 100-ə çatdırsa, kataloniyalılar "Liverpul"a əlavə 20 milyon avro verməli olacaq.
İddialara görə, maliyyə böhranında olan "Barselona" Kountinyonun 100 oyuna çatmasını istəmir və bu səbəbdən qış fasiləsində onu satmaq niyyətindədi.