Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rıza Kayaalp Azərbaycan millisi ilə keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Anadolu" agentliyinə açıqlama verən 4 qat dünya və 9 qat Avropa çempionu hazırlıq prosesindən məmnun qaldığını bildirib.
32 yaşlı təcrübəli güləşçi gənc idmançıların məşqlərə qoşulduğunu söyləyib: "Məşq ortağı barədə problemim yoxdu. Azərbaycan yığması ilə birlikdə məşq etmək yaxşıdı. Fərqli güləşirik. Onların da bizə faydası var, amma bu məşqlər daha çox onlar üçün faydalıdı. Mənim aqressiv üsluba sahib olduğum üçün azərbaycanlı rəqiblərimiz bu cəhətləri inkifat etdirirlər. Vacib olan özümüzü inkişaf etdirmək, bir-birimizdən faydalanmaq və dostlarla məşq etməkdi".
Qeyd edək ki, Azərbaycan və Türkiyə yığmaları 15 - 17 yanvarda Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak edəcək.