Gənclər və əsas yığmanı milliləşdirilmiş futbolçularla gücləndirməyi planlaşdıran AFFA Rusiyada axtarışlara başlayıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, assosiasiyanın istəyi ilə qonşu ölkədəki oyunçuları izləməyə çalışan veteran futbolçulara menecerlər tərəfindən bəzi adlar artıq təklif edilib.
Onlar əsasən Rusiyanın aşağı liqalarında oynayanlar və bu ölkədə yetişənlərdir. Menecerlər adlarını ələ keçirdiyimiz 4 futbolçunun U-21 və əsas millidə baxışdan keçirilməsinə qarşı deyillər. Bunlar müdafiəçi Mütalip Əlibəyov, yarımmüdafiəçi Nikita Süleymanov, hücumçular Camal Dibirhacıyevlə Səid Əliyevdir.
Mərkəz hücumçusu olan Camal Dibirhacıyev ötən ilin sonlarından Belarusun "Qorodeya” klubunda çıxış edir. Rusiya "Anji”sinin yetirməsi olan 25 yaşlı ucaboy forvard Portuqaliyada "Fatima”, Şimali Makedoniyada isə "Şkupi” klubunda qısa müddət legioner həyatı yaşayıb.
"Anji”nin yetirməsi olan digər dağıstanlı hücumçu Səid Əliyevin 22 yaşı var. "Luç” və "Nijni Novqorod”da çıxış etmiş Əliyev keçən ilin yayından Moskva "Veles”inin formasını geyinir.
AFFA-ya təklif edilənlərdən Nikita Süleymanov yarımmüdafiəçidir. Aşağı liqa təmsilçisi "Çertanovo” akademiyasında yetişən 20 yaşlı orta sahə oyunçusu artıq iki ildir əsas komandanın formasını geyinir. Rusiyanın U-15, U-18 və U-19 millilərində oynamış Süleymanov ölkədə perspektivli futbolçulardan sayılır.
24 yaşlı mərkəz müdafiəçisi Mütalip Əlibəyov Moskva MOİK-inin akademiyasının yetirməsidir. Əslən azərbaycanlı olan Rusiyanın U-18 və U-19 yığmasının sabiq üzvü ötən ili icarə əsasında Belarus "Smoleviçi”sində keçirdikdən sonra yenidən müqavilə ilə məxsus olduğu "Baltika”ya qayıdıb.