UEFA Almaniya "Bavariya"sının prezidenti Karl-Haynts Rummeniggenin AVRO-2020-nin bir ölkədə təşkil oluna biləcəyi ilə bağlı fikirlərini şərh etməyib.
Fanat.Az xəbər verir ki, bu barədə qitə futbol qurumundan RİA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, hazırda UEFA Avropa çempionatı ilə bağlı 12 təşkilatçı şəhərlə azarkeşlərin stadionlara buraxılması istiqamətində 4 mümkün ssenarini (tam dolu tribunalar, ümumi tutumun 50-100 faizi, 20-30 faizi həcmində azarkeş və ya tərəfdarsız) müzakirə edir: "Hər şəhər, UEFA ilə birlikdə 2-3 uyğun ssenari seçəcək və qarşıdakı həftələrdə müvafiq planlar hazırlayacaq. Yekun qərar martın əvvəlində hər şəhər üçün fərdi olaraq veriləcək".
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Fanat.Az