Azərbaycan Premyer Liqasının XV turunun "Qarabağ” – "Neftçi” oyunu (1:2) derbilərdə ən çox qırmızı vərəqənin göstərildiyi qarşılaşma kimi tarixə düşüb.
Fanat.Az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 82-ci dəfə ölkə çempionatında üz-üzə gələn komandaların duellərində heç vaxt bu qədər oyunçu meydançadan kənarlaşdırılmayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 4 qırmızı vərəqə göstərilib. Meydan sahiblərindən Kevin Medina, qonaqlardan Ömər Buludov, Mamadu Kane və Voislav Stankoviç meydanı vaxtından əvvəl tərk edib.
Ümumiyyətlə ölkə çempionatları tarixində bir matçda 4 qırmızı vərəqəyə sonuncu dəfə 2014/15 mövsümündə təsadüf olunub. 2014-cü il noyabrın 24-də keçirilən "Neftçi” – "Xəzər Lənkəran” (2:2) matçında komandaların hərəsinin iki futbolçusu qırmızı vərəqə alıb.
Bir komandanın eyni oyunda üç qırmızı vərəqə ilə cəzalanması isə sonuncu dəfə 2015/16 mövsümündə qeydə alınıb. 2015-ci il oktyabrın 18-də "Rəvan” "Kəpəz”lə ev oyununu (0:2) 8 futbolçu ilə başa vurub.
"Neftçi” isə Azərbaycan çempionatları tarixində ikinci dəfə bir qarşılaşmada üç qırmızı vərəqə ilə cəzalanıb. İlk belə hadisə 2013/14 mövsümündə yaşanıb. 2014-cü il fevralın 9-da keçirilən "Xəzər Lənkəran” – "Neftçi” matçının (2:2) sonlarında meydan sahibləri bir, qonaqlar üç oyunçusunu itirib. Qalmaqallı görüşdə Tərlan Quliyev 89-cu, Karlos Kardoso və Bruno Bertuççi, həmçinin meydan sahiblərindən Ağabala Ramazanov 90+4-cü dəqiqədə cəzalanıb.