Qətərin paytaxtı Dohada 8-12 martda keçiriləcək "FIVB Doha Open Plaj" voleybol turnirindən öncə qadın voleybolçuların çimərlik geyimi geyinməsinə icazə verilməməsi barədə qərar qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, 7 ildi kişilər arasında turnirə ev sahibliyi edən Qətər ilk dəfə keçiriləcək qadın turnirindən öncə bu qərarı verərək narazılıq yaradıb. Ölkə rəhbərliyi qadın idmançılardan köynək və şalvar geyinməsini tələb edib.
Bu qadağadan sonra Almaniya qadın çimərlik voleybolu komandasının üzvləri Karla Borger və Julia Sude boykot qərarı verərək turnirə qatılmayacaqlarını açıqlamışdılar. Borger Almaniyanın "Deutschlandfunk" radiosuna açıqlamasında "Biz ora işimizi görmək üçün gedəcəyik. Amma geyimlərimizə qadağa qoyulur. Qətər geyimimizə müdaxilə edən yeganə ölkədi və bu işimizi necə görəcəyimizə qərar verilən yeganə turnirdi" deyib.
İki ulduzun boykot qərarından sonra Qətər Voleybol Federasiyası ilə əlaqə saxlayan FIVB rəhbərliyi qadağanın ləğvini tələb edib. Aparılan danışıqlar müsbət nəticələnib və Qətər turnirlə bağlı qaydalarına dəyişiklik edərək çimərlik geyiminə icazə verib.
Fanat.Az