Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunu öncəsi daha bir itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın müdafiəçisi Pepe görüşü buraxmaq məcburiyyətində qalacaq.
"A Bola" nəşrinin yaydığı məlumata görə, "Portu"nun 38 yaşlı futbolçu ölkə çempionatının XXIV turunun "Portimonense" ilə görüşündə (2:1) zədələnərək sıradan çıxıb.
Bu səbəbdən o, martın 24-dəki milli oyunu buraxmalı olacaq. Artıq onun yerinə "Sportinq"in oyunçusu Luiş Netu dəvət olunub.
Qeyd edək ki, daha əvvəl İngiltərə "Vulverhempton"unun qapıçısı Ruy Patrisiu eyni səbəbdən millidən kənarlaşdırılıb.
Xatırladaq ki, İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Fanat.Az