Futbol üzrə Türkiyə milli komandasının heyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İspaniyanın Malaqa şəhərində baş tutan Norveçlə səfər oyunundan sonra İstanbula dönən milli üzvləri koronavirus testindən keçiblər. Nəticədə üç futbolçuda koronavirus aşkarlanıb. Adları açıqlanmayan futbolçular dərhal karantinə alınıblar. Onların qarşıdakı Latviya ilə ev oyununda iştirak edib-etməməsinə növbəti testlərdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Türkiyə millisində DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Niderlandla ilk oyundan əvvəl də iki futbolçunun koronavirus testi pozitiv çıxdığı üçün düşərgədən ayrılmaq məcburiyyətində qalmışdı.
Fanat.Az