"Bundan əvvəl Kabo-Verde yığmasında yoldaşlıq matçında meydana çıxmışdım. Ancaq Kameruna qarşı ilk dəfə milli formada rəsmi oyun keçirdim".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Qarabağ”ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.
28 yaşlı yarımmüdafiəçi rəsmi debütündə qələbə qazandıqları üçün çox sevindiyini söyləyib: "Küləkli hava şəraitində keçən matç çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq. Yığmaya dəvət almağım məni çox sevindirir".
Andradenin sözlərinə görə, "Qarabağ"da oynamağının milliyə çağırılmasında böyük təsiri olub: "Mən bu komandaya keçəndən sonra yığma komandaya dəvət aldım. Ümid edirəm ki, "Qarabağ"da uğurlu çıxışımı davam etdirəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu oyunda da müsbət nəticəyə köklənmişik".
Qeyd edək ki, Kabo-Verde Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunu 3:1 hesabı ilə məğlub edib.
Fanat.Az