"Çox çətin oyun gözləyirdik. Amma görüş daha ağır alındı".
Fanat.Az xəbər verir ki, bunu Bakıda Azərbaycan millisini 2:1 hesabı məğlub edən ilə Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç deyib. 56 yaşlı çalışdırıcı DÇ-2022-nin seçmə mərhələsinin oyunundan sonra təşkil edilən ənənəvi mətbuat konfransında komandasının qazandığı qələbəni dəyərləndirib:
"Rəqib yaxşı komandadı. Sürətli əks-hücumlara çıxmağı bacarır. Hesab bərabərləşdikdən sonra hər şey daha da çətinləşdi. Qələbə qazandığımız üçün məmnunuq. Önəmli olan da budur. Təbii ki, qol buraxmaq istəmirdik. Amma ani diqqətsizlikdən qapımızda qol gördük. Buna görə çox əsəbiləşdim. Şadam ki, vəziyyəti düzəldə bildik".
Baş məşqçi bu gün 2 qol vuran Aleksandar Mitroviçin şəxsi təyyarəyə layiq olduğunu söyləyib: "Amma bunun üçün pulumuz yoxdur. O, yalnız bu gün yox, hər matçda yaxşı hücumçu olduğunu sübut edib. 3 oyuna 5 qol az deyil".
Bakını çox sevdiyini deyən mütəxəssis buraya ailəsi ilə gələcəyini vurğulayıb: "Növbəti dəfə Bakıya turist kimi gələcəyəm. Azərbaycan mənim üçün maraqlı yerdir. Bakını gəzdim, çox xoşuma gəldi. Son dəfə 2003-cü ildə burada olmuşam. Şəhər çox dəyişib. Əvvəlkindən əsər-əlamət yoxdur".