Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi aprelin 24-də Albaniyada keçiriləcək parlament seçkilərində səs verəcək.
Fanat.Az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis özü məlumat verib.
"Sport News" nəşrinə danışan De Byazi Albaniya vətəndaşı olduğu üçün fəxr etdiyini də dilə gətirib.
Diplomatik pasportunun ləğv edilməsi ilə bağlı məsələyə də toxunana 65 yaşlı baş məşqçi hələ rəsmi qərar olmadığını bildirib: "Bunu jurnalistlərdən eşitmişəm. Həqiqətən belədirsə, bir az mənasız qərardır. Çünki hansısa uğurumuza görə bu sənədi verib, 5 ildən sonra ləğv etmək absurddur. Amma tələb etsələr, pasportu mütləq qaytaracağam".
Qeyd edək ki, 2011 - 2017-ci illərdə Albaniya millisinə rəhbərlik etmiş Canni De Byaziyə diplomatik pasport yığmanı 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxardığı üçün verilib.
Fanat.Az