Bu gün Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Ağır Atletika Mərkəzində Azərbaycan Pauerliftinq yığma komandasının üzvləri ilə görüş keçirilib. Portuqaliyanın Porto şəhərində pauerliftinq idman növü üzrə keçirilən Avropa çempionatında qalib adını qazanmış idmançılarımızdan ikisi – Bəxtiyar Quliyev və Rüfət Ağayevlə Azərbaycan ağır atletika yığmasının üzvləri, rəhbərlik və məşqçilər heyəti görüşüblər. AAAF prezidenti cənab Cahangir Əsgərovun şəxsi təşəbbüsü ilə baş tutan tədbir, xoş təəssüratlarla yadda qalıb.
Tədbiri AAAF-ın icraçı direktoru İsgəndər Əsgərov giriş sözü ilə açıb. O, azərbaycanlı idmançıların Portuqaliyadakı Avropa çempionatında 11 qızıl medal qazanaraq böyük uğura imza atdığını qeyd edib. Ağır atletika və pauerliftinq idman növləri bir-birinə yaxındir deyən, Əsgərov bildirdi ki, hər iki yarışı diqqətlə izləyir, onların qələbələri üçün eyni həyəcan və sevinc hissi keçiririk. “Biz AAAF olaraq, bundan sonar da pauerliftinqçilərimizlə daha sıx əlaqədə olmaq, onlarla daha yaxın dostluq münasibətləri qurmaq fikrindəyik. Hər iki növlə məşğul olan idmançılar öz təcrübələrini bölüşəcək, daha böyük uğurlar qazanmaq üçün çalışacaqlar. Biz bir ailəyik və ümid edirəm ki, bundan sonra göstərəcəyimiz səylər yeni çempion və çempionluqların gəlməsinə şərait yaradacaqdır”.
Daha sonra ağır atletika üzrə Avropa çempionumuz İntiqam Zairov, yığmamızın baş məşqçisi Zlatan Vanev və onun köməkçisi Xanlar Nəbiyev pauerliftinqçilərə təqdim olundu. Ağırlıqqaldıranlar pauerliftinqçiləri AAAF-ın xatirə hədiyyələri və çiçəklərlə təbrik etdilər.
Sonra görüş çay süfrəsi arxasında davam etdirildi.
Pauerliftinqçilər görüşlə bağlı hisslərini bölüşdülər.
Görüşün sonunda pauerliftinqçilər Ağır atletika akademiyasındakı şəraitlə tanış oldular. Onlara məşq zalları, avadanlıqları, həkim və masaj otaqları, yarış zalı, sauna, uşaq məşq zalı, trenajorlar, dərs otaqları və başqa otaqlar göstərildi. Yığmamızın baş məşqçisi Zlatan Vanevlə pauerliftinqçi Rüfət Ağayev arasında maraqlı söhbət də oldu. Onların hər biri öz idman növlərinin incəlikləri haqda məlumat verdi. Pauerliftinqlə ağır atletikanın ştanqları, geyimləri, ağırlıq daşlarındakı fərqlər, məqş sistemi, hazırlıq sistemləri müzakirə edildi. İntiqam Zairov və Bəxtiyar Quliyevin də qoşulduğu söhbət xeyli maraqlı məqamlarla yadda qaldı.
İdman24.az