"Həyəcanlı qarşılaşma oldu. Çətin səfər matçı idi, bilmirəm hesaba necə reaksiya verək. Çətin rəqibə qarşı yaxşı futbol alındı".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXII turunda səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Abasov sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Axıra kimi döyüşəcəyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəzi dəyişiklər etdik, buna səbəb oyunçulardan psixolonji təzyiqi götürmək idi. Mövsümün axırıdır. Bəlkə kimdəsə, belə təsürat yarana bilər ki, komanda ona görə uduzub. Təzyiqi aradan qaldırmaq üçün dəyişiklik etməyə məcburuq".
43 yaşlı çalışdırıcı ötən oyunla müqayisədə 3 dəyişiklik etdiyini söyləyib: "Əlimizdən nə gəlirsə, çalışacağıq ən yaxşısını edək. Futbolçular həqiqətən istəyirdilər və can yandırırdılar. Təəssüflər olsun ki, 3 xal qazana bilmədik. Bəzi epizodlarda riski oynayırdılar, bu da qalib gəlmək istəyi ilə bağlı idi. 3 xal qazana bilmədik deyə üzülürük. Əlimizi, qolumuzu sallamağa ixtiyarımız yoxdur. İkinci hissədə meydana hücumçu buraxdıq, istədik ki, daha kəsərli olaq. Yusuf Laval bir az yorulmuşdu, ona görə onu əvəzlədik. Hücumlarda və müdafiədə istəniləni vermirdi. Hücumda daha aktiv olmaq üçün Əhməd Əhmədovu oyuna buraxdıq".
Baş məşqçi Yusuf Lavalla problemlərinin olmadığını və yazılan xəbərlərin həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb: "Onunla problemimiz yoxdur, bu gülünc şeydir. Nələrsə, yazmalıdırlar ki, kimlərsə, oxusun. Həqiqətən gülməlidir. Deyirəm ki, elə şey yazanları aktyor edək, jurnalist, yox. Olmayan şeyi yazıb ictimaiyyətə təqdim edirlər. Yazan sağ olsun, bizi bir az şənləndirdi".
Abasov Aqil Məmmədovun yüngül zədəsi olduğunu sözlərinə əlavə edib: "Səlahəti qapıya qoymağımın səbəbi o deyildi. Bəzi oyunçular bir az təzyiq hiss etməyə başlayıblar, biz də bunu aradan qaldırmağa çalışırıq. Vəziyyət çətindir, bütün oyunçular təzyiq altındadır.
Fanat.Az