Almaniyanın Münhen şəhərinin meri Diter Röyter AVRO-2020-nin oyunları zamanı stadiona azarkeşlərin buraxılması ilə bağlı UEFA-nın tələblərinin yerinə yetirilməsinə təminat verməyib.
Fanat.Az xəbər verir ki, mer bildirib ki, "Bu gün azarkeşlərə iyundakı futbol matçlarına giriş icazəsinin verilməyəcəyi variantını istisna edə bilmərik. Bu, Bavariya əyalətində koronavirusun yayılma sürəti və müvafiq məhdudiyyətlərlə əlaqədardır".
Daha əvvəl Münhen, Roma, Bilbao və Dublin şəhərlərinin AVRO-2020 matçlarının gedişində fanatların tribunalara buraxılması ilə əlaqədar hələ informasiya təqdim etmədikləri məlum olub. UEFA yekun qərarını aprelin 19-da verəcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.
Fanat.Az