Azərbaycan Premyer Liqasının XXIV turunda "Sabah"la 2:2 hesablı heç-heçə edən "Neftçi” çempionluq yolunda mühüm 2 xal itirdi.
İlk dəqiqələrdən gərgin keçən oyunda qapılara 3 penalti təyin olundu, "Sabah"ın 3 futbolçusu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldı.
Görüşün final fitindən sonra gərginlik böyüdü və iki klubun futbolçuları arasında insident yaşandı. "Neftçi"nin baş məşqçisi Samir Abasov da matçdan sonra keçirilən mətbuat konfransında aqressiyasını gizlədə bilmədi.
Bəs qalmaqaldan sonra nələr baş verib? Çempionluq yolunda ağır zərbə alan "Neftçi" klubunda "Sabah"la oyundan sonra vəziyyət necədir?
Bunu dəqiqləşdirmək üçün "ağ-qaralar"a müraciət etdik. Suallarımızı klubun mətbuat katibi Rüstəm Allahverdiyevə ünvanladıq.
Klub rəsmisi Fanat.Az-a açıqlamasında bildirdi ki, artıq bu oyunu unutmağa çalışırlar:
"Oyundan sonra qalmaqal yaranmasına səbəb matç ərzində baş verən hadisələr idi. Hər iki klubun nümayəndələrinin müdaxiləsindən sonra hər şey qaydasına düşdü. Təbii ki, dünənki oyunda xal itirməyimiz bizim üçün çox pis oldu. Buna baxmayaraq, çempionluq şanslarımız qalıb. Yolun sonu haqqında düşünmürük. Həmişə demişik ki, hər həftə növbəti oyun haqqında düşünürük. "Sabah"la oyun bitdi. Həm psixoloji, həm fizioloji olaraq dünənki matçı unutmağa çalışırıq. Artıq bu gündən məşqçilər korpusu da, futbolçular da, yəni bütün komanda olaraq may ayının 3-də keçiriləcək "Keşlə" ilə oyuna köklənmişik, bu görüşə hazırlaşırıq".
Röya Kərimli