"Maraqlı oyun oldu. Hər iki komanda avrokuboklara düşmək şanslarını böyük ölçüdə itirmiş sayılır. Amma komandamın cüzi şansdan sonadək istifadə etməyə çalışması məni sevindirir".
Fanat.Az xəbər verir ki, bunu "Səbail"in 40 yaşlı çalışdırıcısı Aftandil Hacıyev evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Hacıyev zəfər sayəsində son pillədən qurtulan yetirmələrinin daha çox hücum edən tərəf olduğunu vurğulayıb: "Topa nəzarət bizdə idi. İlk hissədə gərginlik var idi. Hər iki qapı qarşısında təhlükəli epizodlar oldu. Amma ikinci yarıda rəqib azlıqda qaldıqdan sonra daha rahat oynamağa başladıq, hücumlarımızın sayı çoxaldı. Hesabı açdıqdan sonra müdafiədə risk edə bilməzdik. "Qəbələ"də əks-hücumlarda təhlükəli olan futbolçular var. Hər an fərdi ustalıqları hesabına rəqibi yaxalaya bilərlər. Həm oyundan, həm də nəticədən razı qaldıq. Çətin dönəmlara baxmayaraq, mübarizədən qopmadılar. Onlara təşəkkür edirəm. Düşünürəm ki, son 3 turda da əllərindən gələni edəcəklər. Çempionatı nikbin notlarla bitirmək istəyirik".
OMütəxəssis sağ cinah oyunçusu Ürfan Abbasovun müdafiənin mərkəzindəki çıxış etməsinə belə aydınlıq gətiriv: "O, daha əvvəl "Qəbələ"də də bu mövqedə sınanıb. Düzdür, özü mərkəz müdafiəçisi kimi oynamağı elə də xoşlamır. Çempionatda iki mərkəz müdafiəçisi ilə buradək gəlmişik. Çox riskli, eyni zamanda məcburi qərardır. Maliyyə durumumuz buna imkan vermirdi. Bu gün də Ürfanı məcburiyyətdən həmin mövqedə oynatdıq. Buna baxmayaraq, oyunun ən yaxşılarından idi. Sonadək səhvsiz oynadı. Ən əsası, qələbə qazanmağımızda böyük pay sahibi olanlardandır".
Baş məşqçi klubun heç kimə borclu qalmayacağını söyləyib: "İndi elə dövr deyil ki, kiminsə pulunun arxasına keçsinlər. Amma bir az gecikmə ilə bağlı problem yaranır. Futbolçulara psixoloji baxımdan çətin olur. Bununla belə, sağ olsun rəhbərlik, ötən həftə qismən də olsa, ödəniş etdilər. Elə bir dönəmdəyik ki, puldan daha vacib məsələlər var. Sabah pulu verəndə gec ola bilər. Ona görə komandanın bu gün yaxşı oyun nümayiş etdirməsi məni sevindirdi".
Mütəxəssis Əfran İsmayılovun əvəzlənməsinin oyun vaxtı Hendrik Ekşteynlə mübahisə etməsi ilə bağlı olmadığını vurğulayıb: "Stresli oyun idi. Həm qol vurmaq, həm də top buraxmamaq istəmirdik. Əfran yaxşı zərbə mövqeyində idi, sadəcə, anlaşmazlıq oldu. Normaldır, bunu o qədər də şişirtmək lazım deyil. İsmayılov meydanda ən yaxşılardan idi, çox iş gördü. Sona yaxın Ruslan Hacıyevə şans vermək istədiyimiz üçün onu əvəzlədik".
Hacıyev komandanın əsas müdafiəçisi Adil Nağıyevin bugünkü qarşılaşmada meydana çıxmamasının səbəbini də izah edib: "Məşqdə ayağında ağrılar hiss etdi. Bundan sonra hazırlıqda iştirak etmədi. Hazırda müalicəsi davam edir. İnanırıq ki, yaxın günlərdə məşqlərdə iştirak edə biləcək. Həkimlərin rəyini gözləyirik".
O, klubun gələcəyi ilə bağlı rəhbərliklə ilkin danışıq olduğunu bildirib: "Bir çox məsələlər var ki, onlara aydınlıq gəlməyib. Qarşıdakı həftələrdə yenidən görüşəcəyik. Düşünürəm ki, "Səbail"in gələcəyi mövsümün sonunadək bəlli olacaq. İnanıram ki, klub yaşayacaq. Çünki bizi də əmin ediblər. Sadəcə, bunun hansı şərtlərdə olacağı dəqiqləşməyib. Məşqilər heyəti də daxil olmaqla, demək olar ki, bütün futbolçuların müqaviləsi başa çatır. Hamısı ardıcıllıqla olmalıdır. Məşqçilərlə bağlı qərar verildikdən sonra digər məsələlərə keçmək olar. Görüləsi çox iş var. Düzdür, gecikirik. Belə şeylərə qış fasiləsindən start vermək lazımdır. Biz isə hər şeyə gec başlamağa öyrəşmişik. Mövsümün sonunu gözləməyə məcburuq".
Fanat.Az