Mövsümün sonunda "Neftçi" ilə müqaviləsi başa çatacaq Səlahət Ağayevin komandada qalıb-qalmayacağına dair bir sıra iddialar səslənir.
Fanat.Az məsələni dəqiqləşdirmək üçün "Neftçi" klubu ilə əlaqə saxladı. Paytaxt təmsilçisinin mətbuat katibi Rüstəm Allahverdiyev saytımıza açıqlamasında bu mövzunun klubun gündəmində olmadığını bildirdi:
"Müqaviləsi başa çatacaq futbolçulardan kimin gedəcəyi, kiminlə yeni müqavilə imzalanacağı ilə bağlı konkret nəsə deyə bilmərik. Çünki hazırda bu barədə heç bir müzakirə, danışıq aparılmır. Komanda yalnız və yalnız çempionatın son iki oyununa köklənib".
Qeyd edək ki, "Neftçi" klubu 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Paytaxt klubu lider "Qarabağ"dan cəmi 1 xal geri qalır. Komanda 14 may tarixində 27-ci tur çərçivəsində "Sumqayıt"la, 19 mayda isə çempionatın sonuncu turunda "Qarabağ"la qarşılaşacaq.
Röya Kərimli