Ölkə xaricində axtarışlarını davam etdirən AFFA daha bir futbolçunu Azərbaycan millisinə dəvət etməyi planlaşdırır.
Karyerasını Fransada davam etdirən Eldar Tağızadə əsas yığmanın formasını geyinməyə hazırlaşır.
Fransada Liqa 2 təmsilçisi "Klermon” klubunun əvəzedici heyətində çıxış edən Tağızadə tezliklə yenidən ölkəmizə qayıdacaq. Əsas komandası Liqa1-ə yüksələn 18 yaşlı qolkiperin hətta qarşıdakı təlim-məşq toplanışına çağırılması da istisna edilmir.
Şahrudin Məhəmmədəliyevin zədədən əziyyət çəkməsi, ikinci qolkiper Emil Balayevin isə formadan uzaq düşməsi Tağızadənin yığmada debütünə yol açır. 2018-2019-cu illərdə U-17-yə dəvət alan Eldarın əsasən U-21 yığmamızda müntəzəm çıxışı gözlənilir.
Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan Eldar Tağızadə 2019-cu ilin yayında İspaniyanın "Market” klubuna, bu ilin yanvarında isə oradan "Klermon”a keçib. Onun fransızlarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.//Apasport.az