İsveç millisinin yarımmüdafiəçisi Deyan Kuluşevskidə koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Futbolçunun COVİD-19 testi pozitiv çıxdığı üçün komandadan təcrid edilib. İsveç millisi AÇ-2020 öncəsi son hazırlıq üçün Göteborq şəhərinə yollansa da, Kuluşevski Stokholmda qalıb.
Hərçənd 21 yaşlı oyunçunun adı AÇ-2020 üçün sifariş edilmiş siyahıdan çıxarılmayacaq. Məşqçilər korpusu gənc yarımmüdafiəçinin sağalaraq komandaya qoşulacağına inanır. İstənilən halda, Kuluşevskinin Avropa çempionatında yığmanın ən azı bir matçını buraxacağı dəqiqdir. İlk turda İsveç millisi Sevilyada İspaniya ilə üz-üzə gələcək. E qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma iyunun 14-də keçiriləcək. Bu komandanın növbəti oyunları iyunun 18-də Slovakiya və iyunun 23-də Polşa yığmalarına qarşı olacaq. Bu iki görüşə isə Sankt-Peterburq şəhəri ev sahibliyi edəcək.
Fanat.Az