Futbol azarkeşlərinin sevdiyi İlqar Mikayıloğlu-Asif Bağırov dueti "meydan"lara geri döndü.
2000-lərin əvvəlində ANS TV-nin efirində Çempionlar Liqası şərhləri ilə tanınan ikili uzun fasilədən sonra yenidən futbol şərh edəcək. Onlar "İctimai TV"də yayımlanacaq AVRO-2020-in şərhçilər heyətində yer alıblar.
Möhtəşəm futbol bayramı ilə ekranlara qayıdan
Elnur Əşrəfoğlu və
Asif Bağırovla yanaşı
İlqar Mikayıloğlu ilə əlaqə saxladıq. Tanınmış aparıcı
Fanat.Az-a müsahibəsində bunları söylədi:
- "İctimai TV"dən Kənan Hakimov mənə zəng edib dedi ki, bəs belə bir ideyamız var, Asif, sən, yəni köhnə komanda qayıtsın, "come back" olsun. Dedim, əla. Elə istədiyimiz o idi. Asif belə bir turnir şərh etməyi çox istəyirdi. Dedim qətiyyən problem yoxdur. Heç düşünmədən dərhal razılıq verdim. İnşallah ayın 12-dən başlayırıq.
- İlqar bəy, uzun müddətdir şərhlərdən uzaq qalmısınız. Özünüzü formadan düşmüş hesab edirsiniz? Asif bəylə də söhbətimizdə də bu məqama toxundum...
- Yox, qətiyyən. Asif uzun müddət efirdən uzaq düşmüşdü. Dünən heç futbol aparmamışdı, sadəcə olaraq canlı efirə çıxdı, amma efirdən sonra bu adamın gözləri elə qaynayırdı ki, düşündüm bu dəfə Avropa çempionatına baxmaqdan çox, Asifi dinləyəcəyik. Çünki Asif dərhal qaynadı. Həmişə efirdə olduğum üçün mənim üçün heç bir problem yoxdur. Sadəcə olaraq başımı aşağı salıb Asiflə bir yerdə öz işimi görəcəm. İşimə mane olacaq hansısa hisslər yoxdur. Əksinə saatları sayıram ki, oyun başlasın gedim şərh edim (gülür)...
- Bəs uzun illər çiyindaş olduğunuz Asif Bağırovla uzun fasilədən sonra birgə şərh etmənin nostalji həyəcanı varmı?
- Özümə də maraqlıdır. Çox maraqlı olacaq. Düzü, Asiflə heç vaxt əlaqəmiz kəsilməyib. 1992-ci ildən müharibə dönəmindən bir yerdəyik. Ona görə də aramızda yarı sözdən bir-birini başa düşmək məsələsi var. Hətta bir işarə kifayətdir ki, anlayaq. Ona görə o cəhətdən problem yoxdur. Zarafatlarımız, bir-birimizə sözün yaxşı mənasında söz atıb cavab gözləməyimiz, bütün bunların hamısı mütləq olacaq. Gözləyirik ki, bir-birimizi yenə dişimizə vurub yoxlayaq görək necədir vəziyyət. (gülür)...
Röya Kərimli