AVRO-2020-ni yayımlayan İctimai TV-nin yarışı şərh etmələri üçün bir dönəmin tanınan adlarından olan Elnur Əşrəfoğlu, Asif Bağırov və İlqar Mikayıloğlunu dəvət etməsi gündəm oldu.
Maraqlıdır, bu təşəbbüs kimdən gəldi, onlardan başqa Avropa çempionatının şərhçiləri arasında kimlər olacaq? Bu sualları "İctimai TV"nin şərhçisi Tural Dadaşova ünvanladıq.
Turnirin şərhçilərin olan Dadaşov Fanat.Az-a açıqlamasında bildirdi ki, şərhçi seçimi, kimin dəvət olunması kanal rəhbərliyinin səlahiyyətindədir: "Mən də kanalın şərhçisi olaraq Avropa çempionatını şərh edənlər sırasındayam. Elnur Əşrəfoğlu, Asif Bağırov və İlqar Mikayıloğlu ilə yanaşı, mən və "İctimai TV"nin digər şərhçisi, AVRO-2016-nın da şərhçilərindən Ürfan Məmmədli heyətdə yer almışıq".
Tanınmış şərhçi pandemiya səbəbindən turnirin bir il təxirə salınmasının çempionatın gedişatına təsiri olacağını vurğuladı: "İlk dəfədir ki, Avropa çempionatı təxirə salınma ilə bir il gec başladı. Bir qədər intizarda qaldıq. Arxada qalan 1 ildə çox şey dəyişdi. Bəlkə də çempionat bir il öncə keçirilsəydi, nəticələr başqa cür olardı. Heyətlər dəyişdi, komandalarda durum dəyişdi. Bu vəziyyətin hansı komandaların işinə yarayıb-yaramadığını oyunlar göstərəcək. Biz də hazırıq. Mən DÇ-2014 və 2018-in, AVRO-2016-ın şərhçisi olmuşam. Bu, mənim üçün dördüncü böyük turnirdir. Əvvəllər daha çox həyəcan olurdu, ancaq indi artıq alışmışıq".
Tural Dadaşov AVRO-2020-də favorit hesab etdiyi komandaları da açıqladı: "Ümumi qəbul olunmuş favorit komanda son dünya çempionu Fransadır. Belçika, İngiltərə, Almaniya və Portuqaliyanın da şanslarının çox olduğu bildirilir. Nəsə belə bir hissim var ki, Fransa bu il nəinki çempion olmayacaq, heç finala çıxa bilməyəcək. Amma intuasiyam İngiltərənin böyük turnirlərdə qalib olacağını hiss etdirir".
Röya Kərimli