Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa çempionatı barədə danışıb.
Fanat.Az xəbər verir ki, 65 yaşlı italiyalı mütəxəssis vətəninin komandası ilə yanaşı İngiltərə, Fransa və Belçikanı AVRO-2020-nin favoritləri arasında göstərib.
De Byazi bildirib ki, İtaliyanın Türkiyə millisi üzərində 3:0 hesablı qələbə qazanmasına görə arxayınlaşmaq olmaz və müəyyən hesablamalar aparmamaq vacibdi: "İtaliya çox yaxşı oynayır və topa sahib olur. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadı".
Millimizin baş məşqçisi İngiltərənin Xorvatiyanı 1:0 hesabı ilə yendiyi görüşün kifayət qədər darıxdırıcı alındığını, amma qələbənin layiqli olduğunu vurğulayıb. De Byazi Belçika yığmasının Rusiyanı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadakı "dubl" müəllifi Romelu Lukakunu qeyri-adi və fiziki baxımdan qarşısıalınmaz futbolçu adlandırıb.