"Mənə görə, yarışın ilk üç günündə ən maraqlı Niderland – Ukrayna qarşılaşması, ən maraqsız isə D qrupunun favoritləri sayılan İngiltərə və Xorvatiyanın görüşü oldu".
Bu sözləri Fanat.Az-a açıqlamasında tanınmış idman jurnalisti Rasim Mövsümzadə AVRO-2020-nin qrup mərhələsində keçirilən görüşləri şərh edərkən deyib.
Onun sözlərinə görə, "Niderland komandası C qrupunun qalibi olub, sonra da uğurlu çıxış edərək 1/4 finalda Bakıya gələ bilər. Gözlənilməz nəticə kimi də Finlandiya millisinin Danimarkaya qalib gəlməsini qeyd etmək mümkündür.
Yarışda ortalama ən gənc (25 yaşdan aşağı) heyətə malik Türkiyə komandasının ilk oyunda zəif çıxışını da, yəqin ki, heç kim gözləmirdi.
Futbolçulara gəlincə, isveçrəli Breel Embolo (Borussiya Mönxenqladbax) maraqlı hücumçu, finlandiyalı Lukaş Hradetski (Bayer Leverkuzen) isə etibarlı qapıçı kimi diqqəti çəkdi.
Orta məhsuldarlığın (hər oyuna 2,71 qol) da son beş Avropa çempionatında ən yüksək olması müsbət haldır. İtaliya millisində ötən mövsüm məhsuldar oyun nümayiş etdirən Çiro İmmobile və Lorenso İnsinye hücum duetinin, Niderlandda da Vout Veqhorst və Memfis Depayın çıxışını izlədik və fərasətlərini də gördük.
Portuqaliya millisində isə Kriştianu Ronaldu və Andre Silva (düzdür, son illər millidə ona çox da güvənilmir), Fransada da Kilian Mbappe və Karim Benzema hücum duetinin nə edəcəkləri də maraqla gözlənilir".
"Qızıl top" kimi nüfuzlu beynəlxalq mükafatın jüri üzvü turnirdə favorit hesab etdiyi komandaların adını da açıqlayıb: "Yarışın əsas favoriti dünya çempionu Fransa olsa da, 1980-ci ildə Avropa çempionatının finalına çıxa bilmiş belçikalıların tarixlərində ilk dəfə qitə çempionluğunu qazanmaq şansları da az deyil. Belçikanın turnirin ən yaşlı komandalarından biri olduğunu da qeyd edim".
Mövsümzadə bugünkü oyunlara proqnozunu da açıqlayıb: "Şotlandiya – Çexiya və Polşa – Slovakiya qarşılaşmalarında rəqiblərin gücü, necə deyərlər, aşağı-yuxarı eynidir. Amma bu cütlüklərdə heyətində İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların olması Şotlandiyanı, liderinin Robert Levandovski olması da Polşanı bir qədər önə çıxaran amillərdir. İspaniyanın isə, asanlıqla olmasa belə, yarışda ortalama ən yaşlı heyətə malik İsveçə qalib gələcəyini güman edirəm".
Röya Kərimli