AÇ-2020-nin F qrupunda baş tutan Macarıstan - Portuqaliya oyununda (0:3) Kriştianu Ronaldu 3 rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, start heyətində meydana çıxan və sonadək mübarizə aparan 36 yaşlı hücumçu 5 Avropa çempionatında forma geyinən ilk futbolçu kimi tairxə düşüb.
Təcrübəli forvard daha əvvəl 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilmiş turnirlərin iştirakçısı olmuşdu.
Qeyd edək ki, İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas da 5 Avropa çempionatına qatılıb. Amma o, Ronaldodan fərqli olaraq, 2000 və 2016-cı illərdəki turnirlərdə ehtiyatda qalıb.
Portuqaliya yığmasının Macarıstana vurduğu qollardan ikisinin müəllifi Ronaldu olub. Bununla da hücumçu qitə birinciliklərində vurduğu qolların sayını 11-ə çatdırıb. Nəticədə o, 11 qolla Avropa çempionatları tarixinin ən sərrast oyunçusu ünvanını ələ keçirib. Ronaldu 9 qolu olan Fransa millisinin sabiq forvardı Mişel Platinini geridə qoyub.
Kriştianu Macarıstanla oyunda daha bir ilkə imza atıb. O, Avropa çempionatları tarixində milli komandası ilə ən çox (12) qələbə qazanan futbolçu olub.
Fanat.Az