AVRO-2020-nin II turunda keçiriləcək A qrupunun İtaliya - İsveçrə matçı Azərbaycan kanallarının afışasında yer almayıb.
Məsələni araşdırmaq üçün Avropa çempionatının yayım hüququna sahib "İctimai TV" ilə əlaqə saxladıq. Telekanalın İdman Departamentinin rəhbəri Kənan Hakimov Fanat.Az-a açıqlamasında bildirdi ki, "İctimai" TV Finlandiya - Rusiya və Türkiyə - Uels matçını yayımlayacaq. İtaliya – İsveçrə görüşü isə "İdman TV" kanalında nümayiş olunacaq.
Ancaq "İdman TV"nin rəsmi saytında yer alan günün proqramında İtaliya – İsveçrə matçı qeyd olunmayıb.
Kanalın baş direktoru Rövşən Binnətli ilə əlaqə saxladıq. "İdman TV" rəsmisi Fanat.Az-a bildirdi ki, oyunun anonsu kanalda yayımlayıb: "Yəqin sizin diqqətinizdən yayınıb. Matçdan əvvəl isə 45 dəqiqəlik müzakirə, ardından isə İtaliya – İsveçrə görüşü yayımlanacaq".
Redaksiyadan: Hörmətli, Rövşən müəllim, xatırladaq ki, sözügedən oyun "İdman TV" kanalının rəsmi saytında yer almalıdır, diqqətimizdən qaçmayıb! Diqqətimizi cəlb edən bir sıra çatışmazlıqlar var. Belə ki, kanalın rəhbəri olsanız da vəzifəniz hələ də direktor müavini kimi qeyd olunub.
Əli Sahib